İştah – orqanizmin qida qəbul etmək ehtiyacından irəli gələn hissiyyatdır. Qidanın görüntüsü və qoxusu iştahı artırır, mədənin sekretor funksiyası zəiflədikdə isə iştah azalır yaxud tam itir. Xüsusən, mənfi xarakterli güclü emosiyalar (qorxu, kədər, ikrah, qəzəb) iştahı küsdürür. Yüksək hərarətlə keçən yoluxucu xəstəliklər və başqa ağır xəstəliklər zamanı iştah zəifləyir yaxud tam itir.
Iştahın pozulması hallarında yardım:
Ağız boşluğu ilə bağlı problemlər:
- Problem. Çeynəmə və udmanın ağrılı olması səbəbindən yeməkdən imtina etmək (stomatit, angina, xora və s.)
Yardım. Yemək isti (nə soyuq, nə qaynar) və yumşaq konsistensiyalı olmalıdır. Ağız boşluğunun güclü ağrısını azaltaq üçün həkim təyinatı ilə yeməkdən əvvəl tərkibində antasid, antihistamin və yerli keyləşdirici vasitə olan məhlul içmək lazımdır. Çox ağır hallarda venadaxili qidalanma və ya zondla qidalanma məsləhətdir. В
- Problem. Ağır xəstələrin ağız boşluğuna yaxşı qulluq edilmədiyindən ağır xəstələrin ağzında pis qoxu və dad yaranır, iştahsızlıq əmələ gəlir.
Yardım. Ağız boşluğunu ən azı gündə 2 dəfə sanasiya etmək.
- Problem. Dad hissiyyatını pozan dil ərpi iştahı küsdürür.
Yardım. Ağız boşluğu və dilin təmizlənilməsi
- Problem. Dişlərin olmaması və ya keyfiyyətsiz diş protezləri. Qidanı çeynəmək olmur.
Yardım . Diş həkimi və protezistin məsləhəti və yardımı.
- Problem. Çeynəmə aparatının zədələnməsi (sümüklərin, oynaqların, əzələlərin)
Yardım. Xəstənin ağzını açmadan borucuq vasitəsilə yeyə biləcəyi duru kalorili yemək. Ağrıya qarşı – yeməkdən əvvəl ağrıkəsici preparatlar (həkim məsləhəti ilə).
Keyfiyyətsiz qida:
- Problem. Çox soyuq ya çox isti yeməkdən imtina etmək.
Yardım. Qidanın qəbul vaxtına nəzarət edin, yeməyi hazırlandıqdan dərhal sonra xəstəyə verməyin və çox soyutmayın.
- Problem. Dadsız və istəmədiyi yeməkdən imtina etmək
Yardım. Xəstənin hansı yeməyi və nə vaxt yemək istəməsini qabaqcadan öyrənin.
- Problem. Dini baxımdan yeməkdən imtina etmək.
Yardım. Hansı qidanə və nə vaxt yemək olmadığını xəstədən öyrənin.
Ətraf şərait:
- Problem. Yemək və ya şərait iyrənmə oyadır: xəstənin gözü önündə çirkli qablar, əşyalar.
Yardım. Pasiyenti yedirməzdən əvvəl səliqə yaratmaq, təmiz süfrə açmaq.
- Problem. Xəstəyə kənar qoxular, uca səslər, diqqətini yayındıran hadisələr mane olur.
Yardım. Yemək otağının havası dəyişməlidir. Sakitlik yaradılmalıdır.
- Problem. Xəstə çarpayıdakı vəziyyəti narahat olduğundan yeyə bilmir.
Yardım. Xəstənin yerini rahatlayın
- Problem. Xəstə yorulur. Ağır xəstələr üçün qida qəbulu ciddi əməkdir.
Yardım. Ağır xəstələri yedirərkən qısa fasilələr edin.
- Problem. Xəstə yemir, çünki, prosedurdan, həkim məsləhətindən qabaq həyəcanlanır.
Yardım. Xəstəni yeməyə məcbur etməyin. Həyəcanının səbəbini öyrənin. Yeməyi başqa vaxta keçirin.
Sayıqlamalar:
- Problem. Xəstəni sayıqlama ideyaları təqib edir: ona elə gəlir ki, yeməyə zəhər qatılıb, yemək murdarlanıb, ovsunlanıb
Yardım: bu zaman ruhi xəstəni fikrindən daşındırmaq mümkün deyil. Əlbəttə, şübhələrin əsassız olduğunu qabaqcadan yoxlamaq lazımdır. Bəzən, zond vasitəsilə süni qidalandırmaq lazım gəlir.
Depressiya:
- Problem. Kefsiz, məyus halda iştah itir.
Yardım. Həkim təyinatı ilə antidepressiv preparatlar qəbul etmək, xüsusi zövq verən yemək hazırlamaq, ədviyyatdan istifadə etmək, xəstəni qəmli fikirlərdən yayındırmaq, başqaları ilə birlikdə yeməyə dəvət etmək ya, əksinə, təklikdə yemək üçün rahat şərait yaratmaq olar.
Kənaryardımdanasılılıq:
- Problem. Təbii ehtiyaclarını sərbəst ödəyə bilməyən yataq xəstələri altına qab gətizdirməmək üçün yeməkdən və içməkdən imtina edir.
Yardım. Xəstəni inandırın ki, ehtiyac yaranan kimi ona qab verəcəksiniz. Köməyə çağıran anda yanına gedin və lazımi qulluğu göstərin. Xəstə ilə son dərəcə nəzakətlə, mülayim davranın. Altını cəld, səliqəli və səssiz yığışdırın.
Ahıl yaşlılar:
- Problem. Yaşlı insanların yeməkdən imtina etməsinə xroniki xəstəliyin kəskinləşməsi və ya kəskin xəstəlik, misal üçün, infarkt, ağ ciyər iltihabı və s. səbəb ola bilər.
Yardım: yaşlı insan birdən-birə yeməkdən imtina edirsə, müalicə həkiminə xəbər vermək lazımdır.
Xəstəliklər:
- Problem. Müxtəlif xəstəliklər, müəyyən dərman preparatlarının qəbulu zamanı yaranan intoksikasiya (zəhərlənmə) halları iştahsızlığa səbəb olur.
Yardım: həkimlə məsləhətləşdikdən sonra dezintoksikasiya terapiyası məqsədi ilə xəstəyə çoxlu maye verin və mütəmadi sidik ifrazını təmin edin. Əks-göstəriş yoxdursa, xəstəyə dadlı, sevdiyi və iştah açan yeməklər verin (duzlu, ədviyyatlı).