Insan orqanizminin sabit temperaturu termorequlyasiya prosesi ilə tənzimlənir. Temperaturun dəyişməsi həyəcan siqnalıdır. Qoltuqaltı çuxurda ölçülmüş normal bədən temperaturu 36,4-36,8°C təşkil edir. Səhərlər adətən, temperatur aşağıdır, axşamlar qalxa bilər.
Temperatur növləri:
- subnormal temperatur (36°C-dən aşağı); qalxanvari vəzin, böyrəküstü vəzilərin funksiyası zəifləyərkən, bəzi baş beyin xəstəlikləri, həddən artıq arıqlama, zəifləmə, çoxlu qan itkisi, vəba zamanı müşahidə olunur.
- subfebril temperatura (37,1—38°С); uzun müddət davam edə bilər, zəiflik və ümumi halsızlıqla keçir.
- febril temperatur (38,1°С).
- letal maksimal bədən temperaturu (ölümlə nəticələnən) 43 °C-dir. Letal minimal bədən temperaturu 15-23°C-dir.
Fizioloji temperatur dəyişikliyi 0,2-0,5°С təşkil edir. Insanın bədən temperaturu ölçüldüyü nahiyyədən, günün vaxtından, yaşdan, qida qəbulundan, güclü emosional gərginlikdən asılıdır.
Termometriya – bədən temperaturununölçülməsi deməkdir.
Temperaturun ölçülməsi qaydası: temperatur gündə 2 dəfə ölçülür – səhər, ac qarına (saat 7-8-də) və axşam, sonuncu qida qəbulundan əvvəl (saat 17-18-də), ayrı-ayrı hallarda hər 2-3 saatdan bir.
Temperatur ölçülən yerlər – xəstəliyin xarakterindən asılıdır. Temperatur tibbi termometrlə qoltuqaltı çuxurda, qasıq büküyündə (uşaqlarda), ağız boşluğunda (dilaltı nahiyyədə), düz bağırsaqda və uşaqlıqda ölçülür. Düz bağırsaq və uşaqlıqda temperatur 1°С yüksəkdir.
Əgər xəstə davamlı müşahidə altındadırsa, temperatur HƏMİŞƏ eyni üsulla və eyni vaxtda ölçülür.
Qoltuqaltı çuxurda temperaturun ölçülməsi
- Termometr ilıq sabunlu su ilə yuyulur və silinir.
- Termometri silkələyin ki (əgər civədirsə), göstərici 35°С-dən aşağı ensin.
- Qoltuqaltı çuxurda xəstənin dərisini təmiz salfetlə qurulayın.
- Termometri qoltuqaltı çuxura elə yerləşdirin ki, civə rezervuarı hər tərəfdən bədənə toxunsun.
- Xəstədən qolunu bədəninə sıxmağı xahiş edin. Zəifləmiş xəstənin qolunu əlinizlə saxlayın.
- Termometri 5-6 dəqiqə saxlayın
- Termometri çıxarın, göstəricini qeyd edin.
- Termometri isti su ilə yuyun, qurulayın, silkələyin və qutusuna qoyun.
Düz bağırsaqda temperaturun ölçülməsi
Diareya, qəbzlik, hemorroidal çatlar zamanı əks-göstərişdir.
- Termometr ilıq sabunlu su ilə yuyulur və silinir.
- Termometri silkələyin ki (əgər civədirsə), göstərici 35°С-dən aşağı ensin.
- Termometrə vazelin çəkin
- Xəstəni böyrü üstə uzadın
- Termometri yarıya qədər gödənə yerləşdirin
- Bir əlinizlə xəstənin sağrılarını yumulmuş vəziyyətdə saxlayın
- O biri əlinizlə termometri düzgün istiqamətdə saxlayın
- Termometri 3 dəqiqə saxlayın
- Termometri çıxarın, göstəricini qeyd edin.
- Termometri isti su ilə yuyun, qurulayın, spirtlə dezinfeksiya edin, silkələyin və qutusuna qoyun.
Elektronrəqəmsal termometrlə.
- Cihazın düyməsini qoşun
- Bədənin istənilən sahəsinə qoyun
- 3 saniyədən sonra xarakter siqnal eşidilir
- Göstəriciləri qeyd edin
- Termometri spirtli pambıqla silin
Temperaturun yüksəlməsi qızdırma adlanır.